Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) mayın 3-də "Dünya Mətbuat Azadlığı İndeksi"ni yayıb.
Hesabatda Rusiya 180 ölkə içində media azadlığına görə 155-ci olub.
Müstəqil jurnalistlərin təqibə məruz qaldığı digər ölkə Belarus indeksdə 153-cü olub. Ukrayna indeksdə 106-cıdır, ötən ildən (97) 9 pillə geriləyib.
Azərbaycan mətbuat azadlığına görə 180 ölkə içində Rusiya ilə Belarusun arasında, yəni, 154-cü yerdə qərarlaşıb və ölkədə mətbuat azadlığı “çox ağır” hesab olunub. Ötən il 167-ci olmuş Azərbaycan reytinqdə 13 pillə irəliləmiş hesab olunur.
Hakimiyyət təmsilçiləri indiyədək oxşar indekslərdə ölkəyə verilən qiyməti qərəzli hesab ediblər. Onların fikrincə, Azərbaycanda bütün digər azadlıqları kimi mətbuat azadlığı da tam təmin edilir.
Ancaq bu ilin əvvəlindən qüvvəyə minmiş yeni media qanunu ölkədəki müstəqil jurnalistlər, eləcə də beynəlxalq qurumlar tərəfindən tənqid olunub. Tənqidçilər hökumətin mediaya nəzarəti sərtləşdirdiyini deyirlər.
Ermənistan 51-ci pillədədir, ötən ildən (63) 12 pillə irəliləyib. 2021-ci ildə 60-cı olmuş Gürcüstan isə 29 pillə geriləyərək 89-cu yeri tutub.
Türkiyə indeksdə 149-cu, İran 178-ci yerdədir.