Avropa Şurası Parlament Assambleyası Azərbaycanda zorakılığın, dözümsüzlüyün səviyyəsinin artmasından, azərbaycanlı jurnalistlərə, blogerlərə və hüquq müdafiəçilərinə qarşı davam edən təhdidlərdən narahatdır, "Turan" agentliuyi yazır.
2022-ci il fevralın 22-də jurnalist və hüquq müdafiəçisi Əvəz Şıxməmmədov öz evində qətlə yetirilib. 2022-ci il aprelin 23-də tanınmış bloger və hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu, hakimiyyətin sərt tənqidçisi Bəxtiyar Hacıyev maskalı şəxslər tərəfindən oğurlanıb, ona işgəncə verilib, qeyri-insani rəftara məruz qalıb.
Son iki ayda bir çox araşdırmaçı jurnalistlər Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələrindən dövlət məmurlarına qarşı antikorrupsiya araşdırmalarını dayandırmağı tələb edən xəbərdarlıqlar alıblar.
Parlament Assambleyası qətl və sui-qəsdlərlə bağlı mövcud halları, ölkədə və xaricdə fəaliyyətini davam etdirən azərbaycanlı jurnalistlərin, blogerlərin və hüquq müdafiəçilərinin həyat və azadlıqlarına qarşı davam edən təhdidləri diqqətlə nəzərdən keçirməli və öyrənməli, bu məsələ ilə bağlı geniş hesabat hazırlamalıdır.
Assambleya Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməyə, jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyinə təminat verməyə, onların peşəkar fəaliyyətlərini maneəsiz davam etdirməyə çağırmalıdır.