Aprelin 27-də Azərbaycan Xİ naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Xİ naziri İliya Darçiaşvili ilə görüşüb.
Azərbaycan XİN-dən bildirilib ki, nazirlər arasında təkbətək başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Tərəflər, iki ölkə arasında bütün istiqamətlər üzrə, o cümlədən iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və mədəniyyət, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov həmkarına Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib.
Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi, Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.