Rusiya Ukrayna Silahlı Qüvvələrinin öz ərazisindəki təxribatlarına Kiyevdəki obyektlərə yeni raket zərbələri ilə cavab verəcək.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Kiyevdəki hədəflərə endirilən raket zərbələrinin sayı və miqyası Kiyev millətçi rejiminin Rusiya ərazisində hər hansı terror xarakterli hücum və ya təxribat törətməsinə cavab olaraq artacaq”, - Konaşenkov vurğulayıb.
Rusiya MN sözçüsü qeyd edib ki, bu gecə “Kalibr” dəniz bazalı raket Ukrayna paytaxtının kənarında yerləşən Julyanskidəki "Vizar” hərbi zavodunu vurub: “Zərbə zenit-raket komplekslərinin istehsalı və təmiri sexlərini dağıdıb. Ümumilikdə, müxtəlif ərazilərdə 13 hərbi obyekt vurulub. Bundan başqa, Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemi Çerniqov yaxınlığında aprelin 14-də Bryansk vilayətinin Klimovo kəndində hücum həyata keçirən Mi-8 helikopterini vurub.
Xarkov vilayətinin Lozovaya kəndi yaxınlığında da Su-27 qırıcısı vurulub”.