Amerika Birləşmiş Ştatlar Ermənistan və Azərbaycana sülh əldə etməkdə kömək etməyə hazırdır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
“Biz Ermənistanın baş naziri Nikol Paşinyan ilə Azərbaycan prezidenti İlham Əliyev arasında aprelin 6-da Brüsseldə keçirilən görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikasını və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayırıq. ABŞ dövlət katibi Entoni Blinkenin bir gün əvvəl, aprelin 5-də hər iki liderlə danışıqları zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarını təşviq etməyə davam edirik. Dövlət katibi bir daha təsdiqləyib ki, ABŞ uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi ikitərəfli əməkdaşlıq etməyə hazırdır", - deyə N.Prays bildirib.