Aprelin 12-də ABŞ Dövlət Departamenti 2021-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik
hesabatını açıqlayıb.
İllik hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntuları olduğu qeyd edilib. Hesabatda qanunsuz və ya özbaşına qətllər, işgəncə, güc strukturları tərəfindən qəddar rəftar, qanunsuz və ya özbaşına həbslər, siyasi məhbuslar, ölkədən xaricdə olan fərdlərə qarşı siyasi repressiyalar, cinsi orientasiyaya görə fərdlərə qarşı polis zorakılığı, ağır həbsxana şəraiti kimi pozuntular qeyd edilir.
Bundan başqa, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair hesabatının Azərbaycan hissəsində məhkəmə sisteminin müstəqilliyi ilə geniş yayılmış problemlərin olduğu, jurnalistlərə qarşı zorakılıq, o cümlədən bəzi jurnalistlərin təqib edilməsi və şübhəli ittihamlarla həbsi, internet azadlığının məhdudiyyəti, bəzi vebsəhifələrin bloklanması, toplaşma və birləşmə azadlığının de fakto qadağan edilməsi, siyasi iştiraka ciddi məhdudiyyətlər, hökumət korrupsiyası, o cümlədən uşaq əməyinin mövcudluğu kimi pozuntular daxil edilib.
Hesabatda qeyd olunur ki, 2020-ci ildə 44 günlük döyüşlərdən sonra sərhəd boyu ara-sıra toqquşmalar baş verib və bu, bəzi hallarda ölüm və həbslərlə nəticələnib. O cümlədən hesabatda bildirilir ki, Azərbaycan hökuməti 41 erməni məhbusunun olduğunu etiraf etməklə yanaşı, əlavə 25 erməni hərbçinin saxlandıqdan sonra yoxa çıxması ilə bağlı ittihamları inkar edib.
Hesabatda Azərbaycan qeyri-hökumət təşkilatlarının ölkədə 122 siyasi məhbus olduğunu hesab etdiyi qeyd edilir. Əlavə edilir ki, 2021-ci il 18 martda prezident əfvi nəticəsində 625 nəfər azadlığa buraxılsa da, insan haqları müdafiəçiləri onlardan yalnız 38-nin siyasi məhbus olduğunu bildiriblər.
ABŞ Dövlət Departamentinin 2021-ci il üçün hazırladığı hesabatda Azərbaycan hökumətinin 100-dən çox fərdin müxtəlif növ işgəncələrə məruz qaldığı və bunun nəticəsidə 8 nəfərin həlak olduğu Tərtəş işini etifar etməsi də qeyd edilir.
Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmadığı və cəzasızlığın problem olaraq qaldığı bildirilir.