Rusiya xarici işlər naziri Lavrov və Mirzoyanın görüşü bu gün baş tutub və görüşün əvvəlində Lavrov danışıqlar zamanı müzakirə olunacaq mövzuları qeyd edib.
“Bu gün biz növbəti iki il üçün məsləhətləşmələr proqramını imzalayacağıq. Biz əsas müttəfiq kimi Ermənistanı müdafiə qabiliyyətini və sərhəd mühafizəsini möhkəmləndirməkdə dəstəkləməyə davam edəcəyik. Ticarət-iqtisadi tərəfdaş və xarici investor kimi biz ticarət sektorunda sabitliyə imkan verəcək, yeni istehsal gücləri və iş yerləri yaradacaq yeni proqramlar hazırlamağa davam edəcəyik. İndi Ermənistan iqtisadiyyatına Rusiya investisiyalarının əhəmiyyətli dərəcədə artırılmasına yönəlmiş daha bir təkliflər paketi hazırlanır. Vətəndaşlarımız təhsil, mədəni və humanitar sahələrdə əməkdaşlığa böyük maraq göstərirlər. Biz ümumi təhsil, linqvistik və elmi məkanın yaradılmasında maraqlıyıq. Təbii ki, biz Rusiyada erməni dilini və mədəniyyətini dəstəkləyəcəyik.
Beynəlxalq əməkdaşlıq çərçivəsində biz KTMT, Aİİ və MDB çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəyik. Hazırda KTMT-yə Ermənistan sədrlik edir, biz öz fəaliyyətimizi Ermənistanın təşkilat üzvlərinə təqdim etdiyi proqramlarla müqayisə etməliyik. Dağlıq Qarabağ və bütövlükdə bütün Zaqafqaziya məsələləri bizim müzakirələrimizdə həmişə əsas mövzu olub. Qarabağ nizamlanması ilə bağlı 2020-ci ilin noyabrında, 2021-ci yanvarında və noyabrında əldə olunmuş üç yüksək səviyyəli razılaşma var. Biz onların həyata keçirilməsini, o cümlədən Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini təmin edəcəyik. Mövzular çoxdur, ümid edirəm ki, biz bu gün bu barədə ətraflı danışacağıq, münasibətlərimizin inkişafına kömək edəcək razılaşmalar əldə edəcəyik” - deyə Rusiya XİN rəhbəri yekunlaşdırıb.