“Minsk Qrupundakı fransız və amerikalı tərəfdaşlarımız anti-Rusiya əhval-ruhiyyəsi şəraitində Rusiya Federasiyası ilə bağlı hər şeyi ləğv etməyə çalışaraq, ATƏT-in Minsk Qrupu formatında bizimlə əlaqə saxlamayacaqlarını bildiriblər”. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında “Lurer”in sualına cavab verərək Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bu, onların haqqıdır. Əgər onlar Qarabağın və bütün Zaqafqaziyanın nizamlanmasında maraqlarını qurban verməyə hazırdırlarsa, erməni tərəfinin maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir. Nəinki bu, başqa münaqişələrin həllini də öz anti-Rusiya siyasətinin girovluğunda saxlayırlar. Onlar Rusiya ilə bütün mümkün formatlarda, bütün mümkün yerlərdə əməkdaşlığı dayandırır, hər kəsə öz birtərəfli iradəsini diktə etmək bacarığını göstərməyə çalışırlar.
Mən o yanaşmanı tamamilə məsuliyyətsizlik hesab edirəm, bu, bizi yolumuzdan döndərməyəcək. Biz Qarabağ nizamlanmasına, Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli səviyyədə əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsinə sadiqik. Bu seçim bizim deyildi. Əgər Fransa və ABŞ belə qərar versələr, Tanrı onların hakimi olsun”- deyə Sergey Lavrov vurğulayıb.