ER baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən görüşə toxunaraq, aprelin sonuna kimi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə qərar qəbul edildiyini bildirib.
“Bu komissiyanın ikili mandatı olacaq, birincisi delimitasiyası, ikincisi isə sərhəd boyu təhlükəsizliyin və sabitliyin təmin edilməsidir” - deyə baş nazir qeyd edərək bildirib ki, bu məsələ ilə bağlı müzakirələrin, o cümlədən Rusiyanın vasitəçiliyi ilə, bir ilə yaxın aparılır və sonunda belə bir kompromis qərarına gəlmək mümkün olub.
"Bilirsiniz ki, Ermənistanın Azərbaycanın nəzarətində olan əraziləri var, Azərbaycanın da Ermənistanın nəzarətində olan əraziləri var. Bu məsələlər danışıqlar yolu ilə, təbii ki, de-yure əsaslandırılmış protokollar, hüquqi əhəmiyyət kəsb edən faktlar əsasında həll edilməlidir”- deyə Baş nazir qeyd edib.
Paşinyanın sözlərinə görə, Rusiya demarkasiya və delimitasiya işlərinə dəstək verməyə hazır olduğunu bildirib. Aİ də dəstəkləməyə hazırdır.
“Biz bu istiqamətdə hərəkət etməliyik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında de-yure sərhəd, yəni sovet dövründə mövcud olan sərhəd var. Bu protokolla demarkasiya işlərinə başlanılmalı, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün paralel tədbirlər görülərək həll yollarına nail olmağa çalışılmalıdır” – deyə Nikol Paşinyan bildirib.