Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ-nin əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.
Şarl Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz regionunu təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğulayıb.
Şarl Mişel həm Azərbaycan prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb.
Qeyd olunur ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq, bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb.
Liderlər görüşlərin nəticələrini izləmək və əlaqəni davam etdirmək barədə razılığa gəliblər.