ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Ermənistan hakimiyyəti ilə ATƏT-in Minsk Qrupu həmsədrliyinin formatının bərpası məsələsini müzakirə edib. Bu barədə Polşanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Çeplak bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Varşavanın məqsədi həmsədrlik formatını bərpa etməkdir, bu istiqamətdə aydın işlərə başlanılıb, lakin Ukraynadakı hərbi əməliyyatlar bu istiqamətdə gələcək addımların həyata keçirilməsinə mane olub.
Raunun Yerevan və Bakıdakı görüşlərinə toxunan diplomat qeyd edib ki, yaxın vaxtlarda ATƏT-in Vyanadakı mətbuat katibi onlarla bağlı daha ətraflı açıqlama verəcək.
“Razılaşmaya əsasən, ATƏT-in Vyanadakı mətbuat katibi ilk bəyanatla çıxış edəcək və ümid edirik ki, o bəyanat yalnız müsbət olacaq. İndiki mərhələdə nəsə vəd etmək real deyil. Mətbuat katibinin açıqlamasını gözləyək”- deyə səfir bildirib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Ermənistanda aparılan danışıqlar kifayət qədər səmimi olub. Çeplak vurğulayıb ki, tərəflər bir-birinin Dağlıq Qarabağ münaqişəsinə yanaşmaları ilə tanış olub, Rau münaqişənin həlli ilə bağlı Ermənistana aydın təkliflər təqdim edib.