Mən Ermənistan Respublikasının Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirirəm. Bunu ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Ermənistan sülh danışıqlarının dərhal başlamasına hazırdır. Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Azərbaycan prezidentinin və mənim görüşü planlaşdırılır.
Və ümid edirəm ki, həmin görüş zamanı biz Azərbaycan prezidenti ilə müzakirə edəcəyik, sülh danışıqlarının başlanması ilə bağlı bütün məsələləri razılaşdıracağıq" – deyə baş nazir bildirib.
Paşinyanın fikrincə, regional eskalasiyanı təhrik etmək üçün Azərbaycan ən çox Ermənistan-Azərbaycan sülh sazişinin mövzusundan sui-istifadə edib. Azərbaycan israr etməyə davam edir ki, Ermənistan Respublikası məsələni cavabsız qoyur.
“Bu məlumat heç də reallığa uyğun gəlmir, çünki mən Ermənistan Respublikasının Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə açıq şəkildə bildirmişəm. Lakin, Azərbaycan bu günə qədər iddia etməkdə davam edir ki, Ermənistana 5 bəndlik təklif göndərib, lakin biz guya o təklifi cavabsız qoymuşuq” – deyə Paşinyan bildirib.
Baş nazir xatırladıb ki, martın 10-da Ermənistan Respublikasına 5 bəndlik təklif verilib, Ermənistan bu təklifə martın 14-də, yəni dörd gün sonra yazılı cavab verib. ER xarici işlər naziri açıq şəkildə bildirib ki, “Azərbaycanın təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur, ancaq, bu təkliflər Ermənistan-Azərbaycan hərtərəfli sülh gündəliyindəki bütün məsələləri əhatə etmir”.
“Bu cavab o deməkdir ki, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipi Ermənistan üçün məqbuldur. Onda sual yaranır ki, Azərbaycan niyə bu reaksiyanı cavabsızlıq hesab edir?
Səbəb odur ki, Ermənistan Respublikası ictimai-diplomatik reaksiyalarında Dağlıq Qarabağ münaqişəsinin olduğu, Dağlıq Qarabağ ermənilərinin hüquqları məsələsinin Ermənistan-Azərbaycan münaqişəsinin hərtərəfli nizamlanması kontekstində həll edilməli olduğu qeyd olunub.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi yoxdur, o artıq həll olunub. Azərbaycanın bu mövqeyi bir mümkün suala cavab vermir. Bəs belə olan halda Dağlıq Qarabağ ermənilərinin hüquqları məsələsi necə həll olundu? Bu sualın cavabı yoxdur və səbəb budur ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinin zəruriliyindən durmadan danışır və onun təzahürünü müxtəlif beynəlxalq platformalarda görürük.
Dağlıq Qarabağ məsələsinin beynəlxalq gündəmdə olduğunu anlayan Azərbaycan məsələni həll etməyə yox, onu bağlamağa çalışır və Askeran rayonunun Parux kəndindən əməliyyata başlayıb”- deyə Nikol Paşinyan qeyd edib.
ER Baş naziri vurğulayıb ki, rəsmi Bakı Dağlıq Qarabağın olmadığını iddia edir. "Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ adından istifadə etdiyi bütün hallara Azərbaycanın rəsmi dairələrinin kifayət qədər aqressiv reaksiya verməsinin səbəbi də budur" – deyə Paşinyan bildirib.