“Amnesty İnternational” dərc etdiyi hesabatda digər məsələlərlə yanaşı Azərbaycanda qanunsuz saxlanılan erməni əsirlər və onların gələcək taleyinə toxunulub.
“Noyabr ayında BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Azərbaycanı silahlı münaqişə kontekstində qeydə alınmış bütün pozuntuları effektiv şəkildə araşdırmağa və zərər çəkənlərin hüquqi müdafiə vasitələrinə çıxışını təmin etməyə çağırıb” - deyə məlumatda bildirilir.
Hesabat müəllifləri qeyd edirlər ki, hələ sentyabr ayında Avropa Şurası öz hesabatında “onlarla məhbusun qeyri-insani şəraitdə olmasından narahatlığını ifadə etmişdi”.
“Əsirlər ədalətli mühakimə olmadan, sürətləndirilmiş şəkildə mühakimə olunurlar. 30-a yaxın erməni əsirinin taleyi və harada olduğu hələ də naməlum olaraq qalır, baxmayaraq ki, onların zorla yoxa çıxması, hətta qətlə yetirilməsi ehtimalı var”.
“Amnesty İnternational”ın ekspertləri hesabatda 2020-ci il müharibəsi zamanı və ondan sonrakı dövrdə işgəncə və digər qəddar rəftar məsələlərinə də toxunur.
“İşgəncə və digər qəddar rəftar haqqında çoxsaylı məlumatlar təsdiq edir ki, Azərbaycan silahlı qüvvələrinin nümayəndələri ermənilərin əsir götürülməsi, köçürülməsi və saxlanması zamanı erməni əsirlərinə işgəncələr verib, müxtəlif amansızlıqlara məruz qoyub, lakin belə məlumatların effektiv şəkildə araşdırılması həyata keçirilməyib”- deyə hesabatda qeyd edilib.