Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martin 24-də Azadlıq qəzetinin redaktoru Qənimət Zahidin həbsxanada əlyazmalarının əlindən alınması və məhv edilməsi barədə iş üzrə qərarını elan edib. Bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib.
Onun sözlərinə görə, məhkəmə ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.
AİHM həmçinin ərizəçinin dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatının ümumilikdə ədalətsiz olduğuna, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini (ədalətli məhkəmə araşdırması hüququ) pozduğuna qərar verib.
AİHM eyni zamanda Konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə sahib olmaq hüququ), 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusu iddialarını araşdırmağa ehtiyac görmədiyini ifadə edib.
Qərara əsasən, hökumət ərizəçiyə ümumilikdə 8500 avro təzminat ödəməlidir.
Qənimət Zahid 2007-ci ilin noyabr ayında həbs olunub. O, xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2010-cu ilin martın 17-də əfv fərmanı ilə azadlığa buraxılıb.