"Freedom House" Beynəlxalq hüquq müdafiə təşkilatı dünya ölkələrində azadlıq vəziyyəti haqqında ənənəvi məruzəsini dərc edib.
Məruzədə azadlıq səviyyəsi bir neçə parametr əsasında qiymətləndirilir: siyasi hüquqlar və mülki azadlıqlar; internetin azadlığı, demokratik idarəetmənin səviyyəsi.
Birinci parametr üzrə Azərbaycan qeyri-azad ölkələr sırasına aid edilib.
Bu bölmədə dünyanın 210 ölkəsində və ərazisində insanların siyasi hüquq və vətəndaş azadlıqlarından, səs vermək hüququndan fikri ifadə etmək azadlığına və qanun qarşısında bərabərliyə qədər fərdi azadlıqlardan istifadə etmək imkanı qiymətləndirilir.
İkinci bölmədə dünyanın 70 ölkəsində internet azadlığının səviyyəsi qiymətləndirilir. Burada da Azərbaycan qeyri-azad ölkələr arasındadır.
Üçüncü bölmədə Mərkəzi Avropadan Mərkəzi Asiyaya qədər 29 ölkədə demokratik idarəetmə səviyyəsi ölçülür. Demokratiyanın qiymətləndirilməsinə milli idarəetmə, seçki prosesi, müstəqil KİV, vətəndaş cəmiyyəti, məhkəmə sistemi reytinqləri, həmçinin korrupsiyanın səviyyəsi daxildir.
Üçüncü bənd üzrə Azərbaycan möhkəmlənmiş avtoritar rejimin mövcud olduğu ölkələr sırasına aid edilib.
"Azərbaycanı otuz ilə yaxındır hakimiyyətdə olan Əliyevlər ailəsi tərəfindən nəzarət olunan avtoritar rejim idarə edir. Vaxtaşırı Qərb tənqidçilərini sakitləşdirmək üçün addımlar atan hökumət heç vaxt struktur islahatları həyata keçirməyib", deyə məruzədə qeyd edilir.