Bölgədə Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində yaranmış vəziyyətdən narahatıq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Martın əvvəlindən biz müntəzəm olaraq atəşkəs rejiminin pozulması hallarını qeydə alırıq. Rusiya sülhməramlı qüvvələri sabitliyi qorumaq və vəziyyəti idarə etmək üçün məsuliyyət zonasında müvafiq tədbirlər görür. Bu səylər nəticəsində martın 13-dən indiyədək heç bir silahlı insident qeydə alınmayıb”- deyə RF XİN sözçüsü qeyd edib.
Ermənistan-Azərbaycan sərhədinə gəlincə, Zaxarova qeyd edib ki, Moskva ikitərəfli komissiya yaratmaqla demarkasiya və delimitasiya prosesinin tez başlamasının tərəfdarıdır.
“Qaz kəməri qəzası ilə bağlı çətin humanitar vəziyyətdən xəbərdarıq. Biz bu məsələni həll etmək üçün Ermənistan və Azərbaycanla əlaqə saxlayırıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, sakinlər və mülki şəxslər üçün problem yarada biləcək və onsuz da çətin olan humanitar vəziyyəti daha da pisləşdirə biləcək addımlardan çəkinmək lazımdır”- deyə o vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Yerevan və Bakıdan verilən bəyanatlara toxunaraq, tərəflərin sülh sazişi hazırlamağa hazır olmasını alqışlayıb və Rusiyanın belə danışıqlar prosesinə hərtərəfli dəstəyini bir daha təsdiqləyib.
“Danışıqların və sülh sazişinin imzalanması tarixlərinə gəlincə, bu barədə danışmaq hələ tezdir” – deyə Zaxarova bildirib.