Martın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı fəal Vidadi İsgəndərlinin şikayəti üzrə qərar elan edib. Bu barədə “Turan”a Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycan üzrə qərarlarının monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.
Onun sözlərinə görə, ərizəçi həbsdə saxlanma şəraitindən, məhkəməyə qədərki həbsdən və onun müddətinin uzadılmasından şikayət edib.
Avropa İnsan Hüquqları Məhkəməsi İsgəndərlinin hüquqlarının pozulduğunu tanıyıb.
Avropa İnsan Hüquqları Məhkəməsi İsgəndərlinin Avropa Konvensiyasının 5.3-cü maddəsi (məhkəməyə qədər həbs üçün əsasların olmaması) üzrə hüquqlarının pozulduğunu tanıyıb. Strasburq məhkəməsi İsgəndərliyə mənəvi zərərə görə 3 min avro və məhkəmə xərclərinə görə 500 avro ödənilməsini qərara alıb.
Vidadi İsgəndərli 2011-ci ildə etiraz aksiyasında saxlanılıb və inzibati qaydada 15 gün müddətinə həbs olunub. Nəsimi polisində onu iki gün su və yemək vermədən yeddi nəfərlə birlikdə darısqal kamerada saxlayıblar.
Həbs müddətinin sonunda ona 2010-cu ildə keçirilmiş parlament seçkilərinin gedişinə "müdaxilə" ilə bağlı cinayət ittihamı irəli sürülüb. İsgəndərli 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq 2012-ci ilin dekabrında əfv edilib.