ER baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.
Baş nazir Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dinamik inkişafından məmnunluğunu ifadə edib və əlaqələrin möhkəmlənməsinə yönəlmiş səyləri vurğulayıb.
Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar qeyd edib ki, Avropa İttifaqı Ermənistanla tərəfdaşlığı gücləndirir və Ermənistanın demokratik islahatlarını dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyir.
Həmsöhbətlər Cənubi Qafqazda baş verən proseslərə, Dağlıq Qarabağdakı hazırkı vəziyyətə və gərginliyin artmasına toxunublar.
Regionda sülh və sabitliyin möhkəmləndirilməsi kontekstində Nikol Paşinyan və Toivo Klaar Ermənistan və Azərbaycanın sərhədlərinin müəyyən edilməsi və demarkasiyası, kommunikasiya kanallarının blokunun açılması, Ermənistan-Türkiyə dialoqu ilə bağlı fikir mübadiləsi aparıblar.
Ermənistan Respublikasının baş naziri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib. Bu kontekstdə Nikol Paşinyan Avropa Şurası sədrinin, Fransa prezidentinin, Rusiya Federasiyası prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdən, onların çərçivəsində əldə olunan razılaşmaların həyata keçirilməsini vacib sayıb.
Hər iki tərəf ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinin zəruriliyini vurğulayıb.
Tərəflər fəal təmasları davam etdirmək barədə razılığa gəliblər.