"Mən sazişi oxudum - bu, suverenliyin təhvil verilməsi haqda sənəddir",- ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç ötön gün Moskvada imzalanmış “Rusiya və Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında” bəyannaməni TURAN-ın Vaşinqton müxbirinə belə şərh edib.
“Rusiyanın daim hərbi iştirakı (artıq müvəqqəti sülhməramlı qüvvələr yox) və Azərbaycanın üçüncü ölkə (ABŞ) və təşkilatlarla (NATO) münasibətlərinə veto hüququ olacaq", - Kozlariç ehtimal edir.
Qeyd olunub ki, prezident İlham Əliyevin Moskvaya səfəri Putinin Şərqi Ukraynanın regionlarının müstəqilliyini tanımasından cəmi bir neçə saat sonra baş tutub.
Bu addım Avropa ölkələrinin Azərbaycana mühüm alternativ qaz təchizatçısı kimi baxdıqları vaxtda baş verir, keçmiş səfir əlavə edib.
Hələ ki bəyannamənin imzalanmasına Avropa və ABŞ tərəfindən rəsmi reaksiya verilməyib.
Kozlariç bəyannamənin qəbul olunma tarixi ilə bağlı sualın cavabında deyib ki, "Putinə müttəfiqlər lazımdır və Əliyev onu məyus etmək fikrində deyil".
Keçmiş səfir diqqəti ona yönəldib ki, Əliyev bəyannaməni guya Azərbaycanda "rəngli inqilabların planlaşdırılmasına" görə ölkədə "Soros, Qərb və NED-ə seriya hücumlardan" sonra imzalayıb.
"O (Əliyev) ABŞ-ın onu demokratiya məsələlərilə bağlı Baydenin sammitinə dəvət etməməsinə görə məyus olub", - Kozlariç davam edib.