Almaniyada yaşayan azərbaycanlı siyasi mühacirlər fevralın 17-də Gelsenkirchen İnzibati Məhkəməsinin və Recklinghausen Şəhəri Əcnəbilərlə İş İdarəsinin önündə etiraz aksiyası keçiriblər, Turan agentliyi bildirir.
DAS ("Demokratik Azərbaycanı Seç") təşkilatının nümayəndəsi və aksiyanın təşəbbüskarlarından biri olan Alış Abdullayevin bildirdiyinə görə, aksiya "Siyasi fəalları diktator rejimlərin qurbanına çevirməyin" şüarı altında keçirilib.
Onun sözlərinə görə, aksiya iştirakçıları 2021-ci il noyabrın 25-də Almaniyadan deportasiya olunmuş DAS üzvü Cəfər Mirzəyevin bu il yanvarın 27-də Azərbaycanda həbs edilməsinə etiraz ediblər. O, böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub. Mirzəyev saxlanıldıqdan sonra işgəncəyə məruz qalıb və onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Abdullayevin sözlərinə görə, Mirzəyev DAS təşkilatının bütün etiraz aksiyalarında iştirak edib, Azərbaycandakı siyasi rejimi kəskin tənqidə məruz qoyub.
Belə ki, BMT Baş Assambleyasının 39/46 saylı qətnaməsi ilə qəbul edilmiş İşgəncələrə Qarşı Konvensiyasına əsasən, iştirakçı dövlət hər hansı şəxsi işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar olan başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya təhvil verməməlidir.
Aksiya iştirakçıları hesab edirlər ki, Almaniya XİN insan hüquqları məsələsinə diqqəti artırmalı və Azərbaycanda həbs edilmiş siyasi mühacirlərin azad edilməsi üzrə tədbirlər görməli, bu məqsədlə Bakıya təzyiq göstərməlidir.