“ABŞ regionda hərtərəfli sülhü, bütün regionun rifahına xidmət edəcək nəqliyyat bağlarının açılmasını dəstəkləyir”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib. Səfir bildirib ki, ABŞ Cənubi Qafqazın hər üç ölkəsini daha güclü, dayanıqlı və daha müstəqil görmək istəyir.
“Biz, həmçinin, regional əməkdaşlığın artmasını görmək istəyirik. Bu, bir qədər vaxt ala bilər, amma biz istənilən məsələdə tərəflərin bir araya gətirilməsini dəstəkləməyə hazırıq”, - deyə səfir bildirib.
Səfirin sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yoluna qoyulması regionda yeni nəqliyyat və logistika imkanları açacaq.
Onun fikrincə, bu məsələ həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına təkan verə bilər.
“Regionda normallaşma və sabitlik buradakı bütün ölkələrin xeyrinə olacaq” – deyə səfir vurğulayıb.