Avropa Parlamenti Ermənistanla Hərtərəfli və Geniş Tərəfdaşlıq haqqında sazişin tam icrasına çağırır. Bu barədə Avropa Parlamentinin 2021-ci ildə “Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsinə dair” illik hesabatında deyilir. O, Parlamentin plenar iclasında qəbul edilib.
Avropa Parlamenti Şərq Tərəfdaşlığı ölkələrinə, xüsusən də onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqillik, suverenlik və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyir.
Hesabat regional vəziyyətə toxunur.
“Avropa Parlamenti Avropa İttifaqını, üzv ölkələri və sədr müavini/yüksək nümayəndəsini Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanması axtarışında fəal iştirak etməyə, regionda gərginliyin daha da artmasının qarşısını almağa və, o cümlədən, Azərbaycan və Ermənistana təzyiq göstərməklə, sərhədin demarkasiyası və bütün digər hərbi əsirlərin azad edilməsi də daxil olmaqla, müharibədən sonrakı məsələləri həll etməyə çağırır”- deyə hesabatda qeyd edilib.
Avropa Parlamenti bir daha təsdiqləyib ki, ATƏT-in Minsk Qrupu münaqişənin ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə, bərabərlik və gücdən istifadə etməmək prinsipləri əsasında münaqişənin həllində yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qalır. Avropa Parlamentinin deputatları ATƏT-in Minsk Qrupunu tez bir zamanda vasitəçilik roluna qayıtmağa çağırıblar.