"Azərbaycan hakimiyyəti Bakıda keçirilən etiraz aksiyasını işıqlandırarkən saxlanılan üç jurnalistə qarşı polisin zorakılığı ilə bağlı iddiaları araşdırmalı və bütün mətbuat mənsublarının sərbəst işləməsinə icazə verməlidir". Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin məlumatında deyilir.
Azərbaycan KIV-in yaydığı məlumata görə, sənəddə qeyd edilir ki, fevralın 15-də polis Azadlıq qəzetinin əməkdaşı Fatimə Mövlamlı, müstəqil internet nəşri olan Azel TV-nin əməkdaşı Sevinc Sadıqova və müstəqil YouTube kanalı olan Kanal1-in baş redaktoru Teymur Kərimovu saxlayıb. Onlar polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıblar.
"Hökumətyönlü və tənqidi nəşrlərin jurnalistləri özbaşına həbsdən və polis zorakılığından qorxmadan nümayişləri işıqlandırmaqda azad olmalıdırlar", deyə o qeyd edib.
Polis əməkdaşları Kərimovu polis maşınına mindirərkən onun qolundan və dizindən vurublar, bu barədə JMK-yə o, özü bildirib. Zabitlər onu Bakı şəhər Səbail rayonu 9-cu polis bölməsinə aparıblar, yarım saat sonra ittiham irəli sürmədən sərbəst buraxıblar.
Mövlamlı və Sadıqova avtomobilə mindirilərkən və daha sonra bölmədə polisin təzyiqinə məruz qalıblar.
Polis bölməsində onları, polisin sözlərinə görə, mühafizə olunan obyekt olan administrasiyanın binasını çəkməkdə ittiham ediblər, deyə zərərçəkmiş jurnalistlər JMK-yə bildiriblər.
Polis əməkdaşları jurnalistlərin kadrları silməsini tələb ediblər, Mövlamlını iki dəfə yerə yıxıblar, dəfələrlə onun ayaqlarına və qarnına təpiklə vurublar. Zabitlər həmçinin Sadıqovanı və Mövlamlını dəfələrlə söyüb və təhqir ediblər, Mövlamlını "fahişə" adlandırıblar.