"Müdafiə Xətti" İnsan Haqları Təşkilatı fevralın 14-də keçirdiyi mətbuat konfransında 2022-ci ilin yanvar ayı üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair təşkilatın hesabatını təqdim edib, Turan agentliyi xəbər verir.
Təşkilatın icraçı direktoru Rüfət Səfərovun verdiyi məlumata görə, hesabat dövründə hakimiyyətin tənqidçilərinə təzyiq, həbs edilənlərə qarşı fiziki zorakılıq və işgəncə faktları davam edib.
"Çox təəssüf ki, Azərbaycanda mövcud hakimiyyətin dövründə insan hüquq və azadlıqlarının vəziyyəti getdikcə daha da qeyri-qənaətbəxş hal almaqdadır. Siyasi, iqtisadi, hətta mədəni yaradıcılıq azadlıqları da artıq hakimiyyət tərəfindən iqnor edilib"- deyə Səfərov bildirib.
Brifinqdə "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin məhkəmə prosesindəki çıxışına da toxunulub. Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib ki, partiya sədri həbs olunduqdan sonra ölümlə hədələndiyini qeyd edib.
"Müdafiə Xətti" təşkilatının brifinqində eyni zamanda keçmiş səfir Eldar Həsənovun və siyasi fəal Fuad İsmayılovun həbsi, xarici ölkədən deport olunan fəallar və "Tərtər işi" üzrə də müzakirələr aparılıb.