“Bu il fevralın 7-də Azərbaycanın 8 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayırıq. Ermənistan-Azərbaycan münasibətlərindəki problemli məsələnin tezliklə aradan qaldırılması və məhbusların “hamı üçün” formuluna uyğun olaraq mübadiləsinin başa çatdırılması vacibdir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Zaxarova qeyd edib ki, 2020-ci il dekabrın 2-dən indiyədək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 nəfər, Ermənistan tərəfinə 127, Azərbaycan tərəfinə isə 19 nəfər təhvil verilib.
"Münaqişə zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün səy göstərməyi vacib hesab edirik”, - Zaxarova qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Bakı və Yerevanla müntəzəm təmaslar zamanı mədəni-tarixi irsin qorunub saxlanılması mövzusu müzakirə olunur. “Biz regiona UNESCO-nun missiyasının qısa zamanda təşkilinin tərəfdarıyıq”, - Zaxarova vurğulayıb.