Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Dağlıq Qarabağla bağlı müzakirə aparıblar.
Bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Putin Qarabağdakı Rusiya sülhməramlılarının işinə yüksək qiymət verildiyini söyləyib: “Biz ATƏT-in Minsk Qrupun həmsədrlərinin fəaliyyətinin, o cümlədən regiondakı hazırki humanitar və sosial-iqtisadi problemlərin həllində vacib əhəmiyyətini təsdiqlədik”.
Rusiya rəhbəri qeyd edib ki, Fransa prezidenti Avropa Şurasının sədri Şarl Mişellə birgə Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə videokonfransının yekunları barədə məlumat verib.
“Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıram. Bizim böhran mərkəzi hərbçilərin qaytarılması üçün təyyarə təşkil edib”,-deyə Fransanın Prezidenti Emmanuel Makron bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla videoformatda keçirilən görüşdə itkin düşmüş şəxslərlə bağlı məsələ qaldırılıb:
“Bu da stabillik elementidir. Rusiya hərbçilərinin Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik zamanı oynadığı vacib rolu yüksək qiymətləndirirəm. Minsk Qrupunun razılaşmaları çərçivəsində həm Fransa, həm də Rusiya müvafiq rola malikdir”.