2017-ci ildə baş vermiş Tərtər hadisələrinin (yüzdən artıq hərbçiyə işgəncə verilməsi və onların bir neçəsinin ölməsi) ictimailəşməsində fəal iştirak edən şəxslərdən hüquqşünas İlham Təhməzov (Aslanoğlu) həbs edilib. Bu barədə politoloq Ərəstun Oruclu sosial media hesabından məlumat yayıb.
“Nəsə başqa bir şey gözləmirdik. Çünki Tərtər qətliamını törədən hakimiyyət başqa cür edə də bilməz. Amma bu, heç də illərdir mübarizə aparanları geri çəkilməyə məcbur edə bilməz və bilməyəcək. Bütün həbslərə, təhdidlərə, pozuculuq əməllərinə baxmayaraq, “Tərtər cinayəti” açılacaq. Çünki o, sadəcə, cinayət deyil, xalqın mövcudluğuna qarşı törədilmiş qəsddir”, – Ərəstun Oruclu bildirib.
İlham Təhməzov yanvarın 28-də məhkəmə zalında həbs olunub. Hadisə Yevlax Rayon Məhkəməsində baş verib. Xəbəri Meydan TV-yə məhkəmədəki mənbə də təsdiqləyib.
Onu 44 günlük müharibədə həlak olmuş Vasif Quliyevin atası Tahir Quliyev xüsusi ittiham qaydasında məhkəməyə verib. Səbəb isə budur ki, İlham Təhməzov Vasif Quliyevin 2017-ci ildə Tərtər hadisələri zamanı baş leytenant Adil Sabirliyə işgəncə verdiyini deyib.
Adil Sabirli işgəncə nəticəsində ölən hərbçilərdən biridir.