Avropa Şurasının "Varşava Konvensiyası Tərəfləri"nin konfransı iştirakçı dövlətləri çirkli pulların yuyulması cinayətlərinə görə məsuliyyəti səmərəli şəkildə tətbiq etməyə çağırıb.
Konfransın hesabatında 36 dövlətdə çirkli pulların yuyulması cinayətlərinə görə tətbiq edilən tədbirlər qiymətləndirilib.
Hüquqi şəxslərin məsuliyyəti çirkli pulların yuyulmasına qarşı səmərəli mübarizədə xüsusi əhəmiyyətə malik ola bilər, belə ki, cinayətkarlar çox vaxt qanunsuz gəlirlərini leqallaşdırmaq üçün korporasiyalardan, xeyriyyə təşkilatlarından və müəssisələrdən istifadə edirlər.
Turan yazır ki, hesabatın Azərbaycana aid hissəsində qeyd edilir ki, hüquqi şəxslərin çirkli pulların yuyulmasına görə məsuliyyətinə baxmayaraq, qanunvericiliyin müvafiq müddəaları hələ təcrübədə tətbiq edilməyib.
Azərbaycanın səlahiyyətli orqanlarına hüquq-mühafizə və məhkəmə orqanlarının çirkli pulların yuyulması haqqında işlərdə korporativ məsuliyyət haqqında məlumatlılığını artırmaq (rəhbər sənədlər, təlimatlar və s. hazırlamaq) tövsiyə olunur.