Ermənistan Türkiyə ilə dialoq prosesi nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulacağını, həmçinin iki ölkə arasında sərhədin açılacağını gözləyir. Bunu ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan yanvarın 14-nə planlaşdırılan Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin ilk görüşü ərəfəsində “Armenpress”in suallarını cavablandırarkən deyib.
Hunanyan vurğulayıb ki, erməni tərəfinin təəssüratına görə, Türkiyə hökuməti də ilkin şərt olmadan dialoqa başlamaq yanaşmasını bölüşür.
- Ermənistan-Türkiyə dialoqu ilə Ermənistan tərəfinin əldə etmək istədiyi əsas məqsədlər hansılardır?
- Ermənistanın həmin dialoqdan gözləntiləri əslində 1990-cı illərin əvvəlindən bəri olan gözləntiləri ilə eynidir. Gözləyirik ki, proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulacaq, iki ölkə arasında 1990-cı illərin əvvəllərində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış sərhəd açılacaq.
- Belə fikirlər var ki, Ermənistan Türkiyə ilə dialoqa başlamağa razılıq verməklə Türkiyənin Ermənistanla münasibətlərin normallaşması kontekstində hər zaman irəli sürdüyü ilkin şərtləri artıq qəbul edib. Bunu necə şərh edərsiniz?
- Ermənistan Respublikası həmişə bəyan edib ki, heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Bununla bağlı qeyd etməliyəm ki, Ermənistanın yanaşması dəyişməyib, eyni mövqe ER hökumətinin 2021-2026-cı illər proqrmında da öz əksini tapıb.
Artıq qeyd etdiyimiz kimi, beynəlxalq tərəfdaşlarla təmaslarımızda “heç bir ilkin şərt” prinsipinə əməl etməyin zəruriliyini dəfələrlə vurğulamışıq. Bizim təəssüratımıza görə, Türkiyə hökuməti də ilkin şərt olmadan dialoqa başlamaq yanaşmasını bölüşür.
- Yanvarın 14-də Moskvada iki ölkənin Ermənistan-Türkiyə dialoqu üzrə xüsusi nümayəndələrinin ilk görüşü planlaşdırılır. Görüşün formatı necədir, Ermənistan tərəfinin bu görüşdən gözləntiləri nədir?
- Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Moskva görüşünə Rusiya tərəfi ev sahibliyi edəcək. Əslində bu ilk görüş koqnitiv xarakter daşıyacaq.
Bir görüş nəticəsində nəzərəçarpacaq nəticələrin əldə olunmasının mümkün olacağını gözləmək çətindir, lakin bununla, prosesin başlanğıcına start veriləcək.