Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcək.
Fövqəladə toplantının keçirilməsi təşəbbüsü ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib. Bu təklifi Rusiya lideri Vladimir Putin də dəstəkləyib və yanvarın 9-da KTMT-ya sədrlik edən Ermənistan toplantının tarixini açıqlayıb.
“Bazar ertəsi KTMT ölkələrinin başçılarının videokonfrans vasitəsilə fövqəladə toplantısının keçirilməsi planlaşdırılır”, – Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat xidmətindən bildirilib.
Məlumatı Kreml də təsdiqləyib. Qeyd olunub ki, iclasda Qazaxıstanda vəziyyətin normallaşdırılması üzrə tədbirlər müzakirə olunacaq.