Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkədə bir neçə günlük zorakı iğtişaşlardan sonra konstitusion asayişin əsasən bərpa olunduğunu deyir.
“Ölkənin bütün regionlarında konstitusion nizam əsasən bərpa olunub. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır”, – Tokayev yanvarın 7-də təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasda deyib.
“Ancaq terrorçular silahlardan istifadə edir, vətəndaşların əmlakına ziyan vurur. Bu səbəbdən silahlılar tamamilə məhv edilənədək əksterror əməliyyatları davam etdirilməlidir”, – o, sözlərinə əlavə edib.
Daxili İşlər Nazirliyi isə bəyanatında 26 “silahlı cinayətkar”ın “məhv edildiyini”, 3 mindən çox insanın saxlandığını bildirib. Etirazlar başlanandan 18 polis və milli qvardiya əsgəri öldürülüb, açıqlamada vurğulanıb.
Səhiyyə Nazirliyi yanvarın 6-da bildirib ki, etiraz günlərində mindən çox insan xəsarət alıb, 400 nəfər xəstəxanaya yerləşdirilib. 62 nəfər reanimasiya şöbələrindədir.
Son bir neçə gün ərzində nümayişçilər hökumət binalarına basqın edərək onları yandırıb, şirkətləri talan edib. Ən böyük şəhər olan Almatıda intensiv zorakılıqlar baş verib. Nümayişçilər qısa müddət ərzində Almatıda aeroportu ələ keçirmişdi.
Tokayev yanvarın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsinə (KTMT) müraciət edərək, vəziyyəti sabitləşdirmək üçün kömək istəyib.