Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
İran Prezidentinin saytında iki ölkə başçılarının telefon danışması ilə bağlı məlumat yayılıb.
İran və Ermənistan arasında iqtisadi və ticarət əməkdaşlığının səviyyəsinin artırılmasının vacibliyini vurğulayan cənab Rəisi bəyan edib ki, Tehran və Yerevan arasında əməkdaşlığın və iqtisadi əməkdaşlığın səviyyəsinin artırılması, bütün tərəflərin maraqları təmin olunarsa, şübhəsiz ki, təhlükəsizliyə töhfə verəcək.
“İran İslam Respublikasının əsas strategiyalarından biri ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdir. Bu baxımdan Tehran Ermənistanın bu ölkənin bütün ərazisi və ondan keçən bütün yollar üzərində suverenliyini dəstəkləyir”,-İran Prezidenti qeyd edib
İranın Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir ki, Rəisi ilə Paşinyan Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri, eləcə də sülh danışıqlarını müzakirə ediblər.
"Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik”, - Rəisi deyib.
Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə məlumat verib. İran şirkətlərinin Ermənistandakı fəaliyyətindən məmnunluğunu ifadə edən Nikol Paşinyan deyib: "Ermənistanda İran şirkətləri üçün çoxlu layihələr var. İnfrastruktur layihələrinin həyata keçirilməsində daha çox şirkətin iştirakını alqışlayırıq".
O, iki ölkə arasında regional əməkdaşlığın vacibliyini vurğulayıb. “Əminik ki, əməkdaşlıq və ikitərəfli koordinasiya səviyyəsini yüksəltməklə regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün mühüm addımlar ata bilərik”.
ER Baş naziri İranda xristianların mövcudluğuna və dinc həyata toxunub. “İranın erməni icması dini kimliyini qoruyub saxlayaraq müsəlman qardaşları olan iranlılarla heç bir məhdudiyyət olmadan yaşayır”.