Azərbaycan parlamenti mətbuat azadlığını ciddi şəkildə sarsıdan qanunu qəbul etməyə hazırlaşır. "Sərhədsiz reportyorlar" təşkilatı hakimiyyəti Azərbaycan Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasının prinsiplərinə zidd olan qanun layihəsinə yenidən baxmağa çağırır. Turan yazır ki, bu barədə təşkilatın 29 dekabr tarixli bəyanatında deyilir.
Dekabrın 28-də 30-dan çox müstəqil və müxalifətyönlü KİV jurnalisti Bakıda parlamentin binası qarşısında qanun layihəsinə etiraz edib. Reportyor Nərgiz Absalamova polis əməkdaşı tərəfindən döyülüb və büzdüm sümüyü sınıb. Bu, polisin repressiyasına baxmayaraq, həmin məsələ ilə əlaqədar ikinci etiraz aksiyası idi.
Qanun layihəsi digər məsələlərlə yanaşı, jurnalistlərin reyestrinin və vahid mətbuat kartının yaradılmasını nəzərdə tutur. Yalnız bu kartı olanlar və KİV-ləri hakimiyyət tərəfindən qeydiyyatdan keçənlər jurnalist statusundan istifadə edə biləcəklər. Digərləri onların fəaliyyətinin, əsasən də onlara məhəl qoymayan rəsmi mənbələrlə iş zamanı fəaliyyətlərinin məhdudlaşdırılması ilə üzləşə bilərlər.
Məhz dövlət özbaşına şəkildə kimin jurnalist olub-olmadığını müəyyən edəcək, qeydiyyatdan keçmiş bütün jurnalistlərə və KİV-lərə dair siyahı və şəxsi məlumatlar (ünvanlar, bank hesabları, müqavilələrin və sair) hakimiyyətdə olacaq. Bütün bunlar onları əlavə riskə məruz qoyur.
Yeni qanun xaricdə yerləşən KİV-in işini daha da çətinləşdirəcək, Azərbaycanda qeydiyyatı olmadan həmin KİV-lərin müxbirlərinin fəaliyyəti qanunsuz olur.
Bundan əlavə, jurnalistlər faktları və hadisələri "obyektiv" şərh etməli, qeyri-rəsmi mənbənin informasiyasından istifadə etməməlidirlər. Bu, mətbuata ictimai əhəmiyyətli mövzuların araşdırılmasına imkan verməyəcək, yalnız rəsmi versiyanın işıqlandırılması lazım gələcək.
"Qeyri- dəqiq formullarla və ziddiyyətlərlə dolu bu qanun KİV üzərində gələcək nəzarətə və senzuranın leqallaşdırılmasına yönəlib", - “Sərhədsiz reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiyada bölməsinin rəhbəri Janna Kavelye bildirib.
"Bu, Azərbaycan Konstitusiyasının informasiya azadlığı haqqında 50-ci maddəsini və Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığı haqqında 10-cu maddəsini pozur. Dövlət jurnalistlərin peşə fəaliyyətinə müdaxilə edərək öz səlahiyyətlərindən kənara çıxır.
“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycan hökumətini və parlamentini Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq bu qanuna tamamilə yenidən baxmağa çağırır", - bəyanatda qeyd olunur.