“Bu il Gürcüstan bölgədə vacib presedent yaratdı və çox şadam ki, bu, mənim vasitəçiliyim ilə baş tutdu. Biz iki dost və qonşu ölkə arasında ilk presedent yaratdıq”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib.
“Azərbaycan və Ermənistan arasında razılaşma üçün mən şəxsən çox səy göstərdim. Hər iki ölkədə bir neçə dəfə oldum, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətlərim oldu. Vasitəçilik təşəbbüsü ilə çıxış etdim. Hər şey spontan baş verdi və mediasiya faktı ilə nəticələndi”.
Qaribaşvili əlavə edib ki, hər iki lider regionda sülhün möhkəmləndirilməsində, əlaqələrin yeni səviyyəyə qaldırılmasında, böyük infrastruktur, enerji, ticarət və digər layihələrin həyata keçirilməsində maraqlıdır.
Baş nazir qeyd edib ki, Gürcüstan-Türkiyə münasibətləri qorunub saxlanılmalı, möhkəmləndirilməli və dərinləşdirilməlidir: “Mən bu istiqamətdə əlimdən gələn hər şeyi edirəm və şadam ki, Türkiyə prezidenti də eyni əhvaldadır”.