Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan sərhədində qeyri-sabitliyin davam etməsindən narahatdır. Bunu təşkilatın baş katibi Stanislav Zas deyib.
"Biz ilk növbədə KTMT-yə üzv ölkələrin sərhədlərində böhranın artması ilə bağlı narahatıq. Təbii ki, bu, Əfqanıstan ərazisindən irəli gələn çağırış və təhdidlərin bütün spektrinin qorunub saxlanması, Ermənistanla Azərbaycan sərhədində qeyri-sabitliyin davam etməsi, ABŞ və Avropa dövlətlərinin KTMT-yə təzyiq cəhdlərinin güclənməsidir, Ukraynanın cənub-şərqindəki vəziyyətdir”, - deyə Zas qeyd edib.
Zasın sözlərinə görə, təşkilat Cənubi Qafqazda vəziyyətin inkişafını diqqətlə izləyir və Ermənistan tərəfi ilə daim əlaqə saxlayır. Baş katib xatırladıb ki, o, bir neçə gün əvvəl Yerevandan qayıdıb və orada Ermənistan rəhbərliyi ilə mövcud vəziyyəti hərtərəfli müzakirə edib.
Zas bildirib: “Mən Dağlıq Qarabağda çox mühüm sülhməramlı missiyanı yerinə yetirən və tərəflərin razılığı ilə sona çatmış qanlı müharibənin nəticələrinin aradan qaldırılmasında faktiki olaraq vasitəçi rolunu öz üzərinə götürən Rusiya Federasiyasının səylərini yüksək qiymətləndirirəm. Rusiyanın bu səyləri hərbi əməliyyatları dayandırmağa, çoxlu sayda insanın həyatını xilas etməyə, döyüşlərdən zərər çəkmiş əraziləri qısa müddətdə bərpa etməyə, onların sakinlərini ərzaq, geyim və dərmanlarla təmin etməyə imkan verdi”.
“KTMT əmindir ki, sərhəd mübahisələri müstəsna olaraq siyasi və diplomatik üsullarla həll ediləcək.Təşkilat iki dövlət arasında dövlət sərhədinin delimitasiyası və sonradan demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı noyabrın 26-da üçtərəfli bəyanatda yer alan Ermənistan və Azərbaycanın niyyətlərini dəstəkləyir”, - Zas vurğulayıb.
O, Ermənistan hökumətinin vəziyyətin siyasi və diplomatik yolla həlli istiqamətində atdığı addımları dəstəklədiyini bildirib. Təşkilat bunu yeganə həll yolu hesab edir.