Azərbaycanın Baş Prokurorluğu Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı məlumat yayıb.
"Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.
Aparılan intensiv çoxsaylı istintaq hərəkətləri, ekspertiza və digər tədqiqatlarla müəyyən edilmişdir ki, uçuş-atış təlimlərinin həyata keçirilməsi ilə əlaqədar təsdiq edilmiş plana əsasən aparıcı müəyyən edilən, Dövlət Sərhəd Xidmətinin Mİ-17-1V tipli, 20136 bort nömrəli helikopteri 30 noyabr 2021-ci il tarixdə saat 10:16-da Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədəki aerodromdan havaya qalxmış, onun ardınca təlimdə iştirak edən digər eyni tipli, 20137 bort nömrəli helikopter havaya qalxaraq uçuşa başlamışlar. Helikopterlər bir-birindən təxminən 70 metr aralı olmaqla uçuşu həyata keçirmişlər. Aparıcı 20136 bort nömrəli helikopter 17 dəqiqə 24 saniyə uçduqdan sonra saat 10:33-də Xızı rayonu ərazisindəki Müdafiə Nazirliyinin Qaraheybət təlim mərkəzində helikopter meydançasına eniş edərkən qəzaya uğrayıb”,-məlumatda deyilir.
Qeyd olunur ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olmuşdur. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb. Bundan ötən qısa müddət ərzində pilotlar helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər. İstintaqla müəyyən edilib ki, helikopterin pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğraması qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verib.