Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 16-da Azərbaycandan göndərilmiş 7 şikayət üzrə 3 qərarını elan edib. Qərarlar icazəsiz aksiyada iştirak, mülkiyyət hüququna müdaxilə və torpaq sahəsinin özəlləşdirlməsindən imtina ilə bağlıdır.
Aihmaz.org saytının məlumatına görə, qərarlardan biri iddia edilən pozuntuları etiraf edən hökumətin birtərəfli bəyannaməsinə əsasən çıxarılıb, bir qərarda tərəflər dostca anlaşıblar, sonuncu qərarda şikayət qəbuledilməz sayılıb.
"Şirinli və Əmrah Azərbaycana qarşı" işi Tariyel Şirinli və Heybət Əmrahın icazəsiz elan edilmiş kütləvi aksiyada iştirak etmələri əsası ilə saxlanılmaları, inzibati qaydada həbs olunmaları, barələrində töhmət tədbirinin seçilməsi, hüquqi yardımla təmin edilməmələri ilə bağlıdır.
Qərara əsasən, hökumət Tariyel Şirinliyə 3500, Heybət Əmraha isə 6500 avro təzminat ödəməlidir.
"Mirzəbəyov və başqları Azərbaycana qarşı" işi mülkiyyət hüququna müdaxilənin baş verməsi iddiaları ilə bağlı idi.
Dostca anlaşmanın şərtlərinə görə, hökumət ərizəçilərə – Fevral Mirzəbəyova 3850, Telman Abbasova 3850, Mehman Məmmədova 1750, Mehman Malikova 1750 avro təzminat ödəməlidir.
"Əsgərov Azərbaycana qarşı" işində ərizəçi sahibi olduğu ət kəsimi və emalı müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmasından, yerli məhkəmələrin bunu qanuni saymasından şikayət etmişdi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, onun mülkiyyət hüququna müdaxilə baş verib.
AİHM bu şikayəti əsaslı saymayaraq rədd edib.