Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Soyqırım Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı bəyanat yayıb.
“1948-ci il dekabrın 9-da BMT Baş Assambleyası ilk insan hüquqlarının müqaviləsi - Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanı qəbul edib.
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada “tarixin bütün mərhələlərində soyqırımların bəşəriyyətə böyük zərər vurduğu” açıq şəkildə qeyd edilir və bununla da təsdiqlənir ki, soyqırım cinayətləri Konvensiyanın qəbulundan əvvəl də baş verib. Soyqırım Konvensiyasının işlənib hazırlanmasına Erməni Soyqırımı çox vacib misal olub və bu barədə konvensiyanın mətninin müəllifi Rafayel Lemkin də açıq şəkildə bəyanatla çıxış edib”, - deyə XİN-in bəyanatında qeyd edilib.
Bəyanatda vurğulanıb ki, görülən böyük işlərə baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də insan hüquqlarının, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını pisləmək və soyqırım dövlətlərinin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla, vaxtında adekvat cavab vermək üçün əlavə səylər göstərməlidir.
“2015-ci ildə Ermənistanın səyləri ilə dekabrın 9-u BMT-nin beynəlxalq günləri siyahısına Soyqırım cinayəti qurbanlarının beynəlxalq xatirə və ləyaqət və bu cinayətin qarşısının alınması günü kimi qeyd edilib.
Ermənistan tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında 2020-ci ildə təqdim edilmiş və konsensusla qəbul edilmiş Soyqırımın qarşısının alınmasına dair qətnamədə açıq şəkildə qeyd olunur ki, soyqırımına bəraət qazandırmaq, qərəzli münasibət və keçmiş cinayətləri inkar etmək zorakılığın təkrarlanma riskini artırır.
Ermənistan Respublikası keçmiş soyqırımlar, onların cəzasız qalma təhlükələri və yeni çağırışlar barədə məlumatlılığı artırmaq üçün ardıcıl fəaliyyətini davam etdirəcək”, - deyə ER XİN-in bəyanatında vurğulanıb.