ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələri təmsil edən ABŞ-ın dövlət katibi Entoni Blinken, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ermənistan və Azərbaycan arasında Minsk Qrupu həmsədrlərinin himayəsi altında birbaşa dialoqun bərpasına dəstək ifadə edirlər.
Onların birgə bəyanatında deyilir ki, həmsədr ölkələr regionda dayanıqlı sülhü təşviq etmək üçün tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərində başlayan dialoqu, həmçinin dövlət rəhbərləri səviyyəsində əlaqələri davam etdirməyə çağırırlar.
Həmsədr ölkələr Ermənistanı və Azərbaycanı təhrikedici ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə və Azərbaycan Respublikası prezidenti, Ermənistan Respublikası baş naziri və Rusiya Federasiyası prezidentinin 9 noyabr 2020-ci il tarixli bəyanatında götürülmüş, 26 noyabr 2021-ci il tarixli bəyanatında təsdiq edilmiş öhdəlikləri və atəşkəs haqqında əldə edilmiş digər razılıqları tam yerinə yetirməyə çağırırlar.
Həmsədr ölkələr Ermənistanı və Azərbaycanı humanitar məsələlərdə, xüsusən saxlanılan şəxslər, minatəmizləmə, itkin düşmüş şəxslər, köçkünlərin könüllü şəkildə qaytarılması və tarixi abidələrin və mədəniyyət obyektlərinin müdafiəsi məsələsində konkret irəliləyiş əldə etmək üçün vasitəçilərin himayəsi altında qarşılıqlı əlaqələri davam etdirməyə çağırırlar.
Üç nazir eyni zamanda "sərhədlərin delimitasiyası və demarkasiyası və iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası kimi nizamlanmamış digər məsələlərin həlli üzərində konstruktiv işləmək" zərurətini qeyd edirlər.