ER Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin “Zangezur dəhlizi” ilə bağlı son açıqlamasına münasibət bildirib.
Bəyanatda deyilir ki, Azərbaycan prezidenti Ermənistan Respublikasını yollar və kommunikasiyalar məsələsinə qeyri-səmimi yanaşmada ittiham edib. “Ermənistan Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında yollar, kommunikasiyalar haqqında razılaşmalar 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarda qeydə alınıb. Həmin bəyanatlarda Ermənistan Respublikasının Azərbaycana dəhliz, dəhliz məntiqi yolu vermək öhdəliyi, şərti və razılaşması yoxdur.
9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda tərəflərin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrini blokdan çıxarmaq barədə razılığa gəldiyi bildirilir. Həmin bəyanatda deyilir ki, Ermənistan Respublikası Azərbaycanın qərb rayonları ilə Naxicevan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir.
11 yanvar 2021-ci il tarixli bəyanata əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndini həyata keçirmək üçün Ermənistan Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupu yaradıldı”.
Qeyd olunur ki, Ermənistan Respublikası dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, regionda bütün nəqliyyat və iqtisadi əlaqələri blokdan çıxarmaqda maraqlıdır.
Bəyanatda deyilir ki, Rusiya Federasiyası Baş nazirinin müavini, Üçtərəfli İşçi Qrupun həmsədri Aleksey Overçuk 2021-ci il noyabrın 5-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşündə bəyan edib ki, üçtərəfli işçi qrupunda həll yollarının axtarışı aşağıdakı prinsiplərə əsaslanır:
Həmin yolların keçdiyi ölkələrin suverenliyi qorunur və sərhədi keçərkən nəzarət növləri qarşılıqlı əsasda həyata keçiriləcək.
Bundan əvvəl isə, Aleksey Overçuk bəyan etmişdi ki, dəhliz məsələsi üçtərəfli işçi qrupda müzakirə olunmur.
XİN vurğulayır ki, Azərbaycan prezidentinin bəyanatlarının 9 noyabr, 11 yanvar və 26 noyabr bəyanatları ilə heç bir əlaqəsi yoxdur, bunlar üçtərəfli işçi qrupunda və Soçidə əldə olunan razılaşmalara ziddir, qeyri-konstruktiv və təxribatçı məqsədlər güdür, Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyinə təhlükə yaratmaq məqsədi daşıyırlar.
Regionda avtomobil və dəmir yollarının bərpası və açılması prosesi üçtərəfli işçi qrup çərçivəsində müzakirə olunur, amma bu işlərə Azərbaycanın təxribat xarakterli ritorikası mane olur.
““Ermənistan Respublikası Azərbaycan Respublikasını təxribat xarakterli ritorika və hərəkətlərdən çəkinməyə və regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsinə mane olmamağa çağırır”,-bəyanatda qeyd olunur.