Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda həbsxanada artıq bir aydır aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı baş verənlərlə bağlı “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqalə ilə çıxış edib.
“Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch təşkilatı qeyd edib.
Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti yenə də insanların dinc etiraz aksiyaları keçirmək hüququna hörmətsizlik nümayiş etdirib və müxalifətin aksiyasını dağıtmaq üçün zorakılıq tətbiq edib.”
“Hakimiyyət hüquq-mühafizə orqanlarının davranışı ilə bağlı operativ, qərəzsiz və hərtərəfli araşdırma aparmalı və sui-istifadələrə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməlidir,” o qeyd edib.