Azərbaycan AİHM-ə ən çox şikayət edilən ölkələr arasındadır. 2002-2020-ci illərdə Azərbaycandan həmin AİHM-ə 7 min 200-dən çox şikayət göndərilib. Bu ilin iyuluna olan məlumata görə, AİHM-də Azərbaycanla bağlı 2 min 100 iş baxılmasını gözləyir və bu göstəriciyə görə Azərbaycan quruma üzv ölkələr arasında Rusiya, Türkiyə, Ukrayna, Rumıniya, İtaliya və Polşadan sonra 7-ci yerdədir. İndi məhkəmədə baxılma aşamasındakı işlərin 3 faizi Azərbaycanla bağlıdır.
Bunu, “Amerikanın səsi” bildirdi.
2021-ci ilədək qərarları açıqlanmış məhkəmə işlərində Azərbaycan ən çox (112 dəfə) "ədalətli məhkəmə araşdırması hüququ"nu təmin etmədiyindən təqsirli bilinib. "Azadlıq və toxunulmazlıq hüququ" (78 dəfə), "işgəncəyə məruz qalmamaq hüququ" (49 dəfə), "mülkiyyət hüququ" (38 dəfə), "birləşmək hüququ" (37 dəfə), "seçki hüququ" (25 dəfə) da Azərbaycanda ən çox pozulan hüquqlar arasında olub.
"Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri" maddəsi üzrə də ən çox cərimələnən ölkə Azərbaycandır.
AİHM-in Azərbaycanla bağlı ilk qərarını elan etdiyi 2006-cı ildən ötən ilin sonunadək Azərbaycana qarşı müəyyən edilən təzminatların toplam məbləği 5 milyon 268 min avro təşkil edib. Qurumun 2011-2021-ci illərdə (sentyabr ayınadək) qəbul etdiyi qərarlarda Azərbaycanın toplam 5 milyon 400 min avro təzminat ödəməsi müəyyənləşdirilib. Bu göstəriciyə görə Azərbaycan 47 ölkə arasında ən çox cərimələnən 18-ci ölkədir.