““Şərq Tərəfdaşlığı" regionunda həlli uzanan münaqişələr əsas problemlərdən biridir”.
Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu”nun illik assambleyasına video-müraciətində deyib.
O bildirib ki, Aİ münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli üçün səylərin daha da gücləndirilməsini dəstəkləyir: “Avropa İttifaqı münaqişələrin qarşısını almaq və mövcud münaqişələrin həllinin tapılmasına kömək prosesində öz rolunu oynamağa həmişə hazırdır. Bura etimadın yaradılması, dayanıqlı və hərtərəfli həll yolunun tapılmasına töhfə vermək və postmünaqişə reabilitasiyası istiqamətində addımların atılmasına dəstək vermək daxildir”.
Şarl Mişel Ermənistan və Azərbaycanı dialoqa çağırıb: “Azərbaycan və Ermənistan arasında münasibətlər vəziyyətin nə dərəcədə kövrək olduğunu göstərir. Mən inanıram ki, yalnız siyasi dialoq dayanıqlı həll yoluna apara bilər”.