BMT-nin Baş katibi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilmiş üçtərəfli görüşə münasibət bildirib.
Bu barədə məlumat Baş katibin ofisinin saytında yerləşdirilib.
“Baş katib Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında 26 noyabrda keçirilmiş görüşü və bu görüşdən sonra qəbul edilmiş birgə bəyanatı alqışlayır. Baş katib eyni zamanda Rusiya Federasiyasının təmasların asanlaşdırılmasında və daimi dialoqdakı rolundan məmnunluq ifadə edir.
Baş katib Ermənistan və Azərbaycan arasında birbaşa yüksək səviyyəli təmasın yaradılmasına dair öhdəlikləri təqdir edir, tərəflərin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların tam həyata keçirilməsinə dair götürdüyü öhdəlikləri alqışlayır.
BMT-nin əsas prinsipi budur ki, davamlı sülh yalnız dialoq yolu ilə mümkündür və tərəfləri bunun üçün bütün mümkün yollardan, o cümlədən ATƏT-in Mİnsk qrupunun səylərindən istifadə etməyə çağırır. BMT regionda sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləməyə hazırdır”,-məlumatda deyilir.