Rusiya tərəfi ümid edir ki, Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşündə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üçün perspektiv istiqamətlər müəyyənləşdiriləcək. Bunu “ТАСС”-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Görüş 9 noyabr 2020-ci ildə üçtərəfli sazişin imzalanmasından sonra keçən ilin yekunlarını müzakirə etmək, sülh prosesini təşviq etmək üçün gələcək addımları nəzərdən keçirmək məqsədi daşıyır. Ümid edirik ki, bu görüşdə liderlər perspektiv istiqamətləri müəyyənləşdirəcək”,- deyə Rusenko bildirdi.
Rusiya XİN nümayəndəsi qeyd etdi ki, Dağlıq Qarabağ bölgəsində nizamlanma prosesində hər kəsə məlum olan problemlər qalmaqdadır.
"Bunlar nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasyası məsələləridir. Burada hələ də sərhəddə silahlı insidentlər olur, insanlar həlak olurlar", - deyə o qeyd edib.