Norveç Helsinki Komitəsi (NHK) Azərbaycan hakimiyyətini aclıq edən fəal Saleh Rüstəmovu həbsdən azad etməyə çağırıb. Məlumatı Turan yayıb.
"Saleh Rüstəmov, Azərbaycanın görkəmli siyasi məhbuslarından biri bir həftədən çoxdur həbsxanada azad edilməsi tələbi ilə aclıq edir. Ailə üzvləri və vəkilləri son günlər onun səhhətinin kəskin şəkildə pisləşdiyini bildirirlər. Siyasi motivli həbsinə etiraz edən Rüstəmov ölənə və ya azad edilənə qədər aclığı davam etdirəcəyini bildirib", - deyə təşkilatın Facebook səhifəsində dərc edilmiş bəyanatında bildirilir.
Qeyd olunub ki, Rüstəmov 2019-cu ildə siyasiləşdirilmiş ədalətsiz məhkəmə prosesi nəticəsində uydurma qanunsuz sahibkarlıq və narkotik cinayətləri ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan hökuməti bu ittihamlardan çox vaxt hökuməti tənqid edən fəalların qanunsuz həbsi üçün istifadə edir.
NHK hüquq müdafiə qruplarının və fəalların Azərbaycan hökumətinə Rüstəmovu dərhal və qeyd-şərtsiz azad etmək çağırışlarına qoşulur.
"Hökumət Rüstəmovun ədalətsiz və əsassız həbsini davam etdirməməli və onun həbsdə yavaş-yavaş ölməyini müşahidə etməməlidir", deyə NHK-nin bəyanatında qeyd edilir.