Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Azərbaycanla İran arasındakı münasibətlərdə bəzi ziddiyyətli məqamlara toxunaraq, rəsmi Bakının mövqeyini açıqlayıb: "Azərbaycanın mövqeyi odur ki, fikir ayrılıqları olduğu təqdirdə bunu qonşuluq münasibətləri çərçivəsində müzakirə edərək həll yolları tapılmalıdır. Son həftələr qeyd olunan məqamlarla bağlı iranlı həmkarımla telefon danışıqlarımız oldu.
Diplomatik kanallarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr apardıq. Hesab edirəm ki, həmin məsələlər istiqamətində müsbət addımlar atılıb və bundan sonra da atılacaq. Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi, müsbət məcrada inkişaf edəcək. Bizi iki yaxın qonşu ölkə olaraq birləşdirən bağlar var. Biz birlikdə xalqlarımızın, dövlətlərimizin rifahı üçün layihələr icra edə bilərik".