Böyük Britaniyanın Milli Cinayət Agentliyi (National Crime Agency – NCA) deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğlunun bank hesablarında olan 15 milyon funt-sterlinqə (20,5 milyon dollar) əl qoymağa hazırlaşır. Məlumatı Turan agentliyi yayıb.
Məlumatda qeyd olunur ki, Milli Cinayət Agentliyinə görə, həmin vəsait 2017-ci ildə OCCRP tərəfindən üzə çıxarılan geniş pulköçürmə sistemindən istifadə edərək yuyulan çirkli puldur. Feyziyevə və onun ailə üzvlərinə qarşı heç bir cinayət işi açılmayıb. Lakin bazar ertəsi günü keçirilən məhkəmə işində Milli Cinayət Agentliyinin hüquqşünası pulların Azərbaycanın pulyuyan maşını vasitəsilə axıdılması ilə bağlı agentliyin iddialarını ortaya qoyaraq bu barədəki təhlilləri ətraflı şərh edib.
NCA iddia edirdi ki, pulun mənbəyi “qanunsuzdur”, çünki pulun mənbəyini gizlətmək üçün saxta sənədlərdən istifadə edərək bir neçə ofşor şirkətlər vasitəsilə Azərbaycandan çıxarılıb.
“Korrupsiya, oğurluq, saxtakarlıq və çirkli pulların yuyulması bu məsələnin izahı ola bilər” – deyə agentlik qeyd edir.