ER Baş nazirinin müavini Mher Qriqoryan ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer, USAİD Administratorunun müavini Aleksandr Sokolovski və digər rəsmi şəxslər vardı. Görüşdə ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi də iştirak edib.
Qonaqları salamlayan Baş nazirin müavini ABŞ-ın Ermənistana dəstəyini yüksək qiymətləndirib və müharibədən sonrakı dövrdə ölkənin üzləşdiyi əsas problemləri təqdim edib.
Həmsöhbətlər korrupsiyaya qarşı mübarizə proqramlarının və demokratik dəyərlərin möhkəmləndirilməsinə yönəlmiş proqramların əhəmiyyətini vurğulayıblar.
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan Baş nazirin müavini ATƏT-in Minsk qrupunun həmsədrlərinin rolunu vurğuladı və onun çərçivəsində danışıqlar prosesinin intensivləşdirilməsinin vacibliyini qeyd etdi.
Mher Qriqoryan erməni hərbi əsirlərin qaytarılmasının, girovların dərhal azad edilməsinin vacib olduğunu bildirdi.
Erika Olson ABŞ-ın regionda humanitar problemlərin tezliklə həllinə yardım etməyə hazır olduğunu bildirib.