Kimmo Kilyunen (Finlandiya, SOC) və Boriana Ober (İsveç, EPP / CD) - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ermənistanın Məsuliyyət və Öhdəliklərinin Monitorinqi üzrə həmməruzəçiləri 2021-ci il noyabrın 3-5-də Ermənistana tanışlıq səfəri edəcək. Bu barədə AŞPA-nın saytı məlumat yayıb.
Müzakirələrdə seçki islahatları, konstitusiya institutları arasında əlaqələr, məhkəmə hakimiyyətinin müstəqilliyi, mediadakı vəziyyət, həmçinin Dağlıq Qarabağ münaqişəsi və onun Ermənistanda demokratik təsisatların fəaliyyətinə nəticələri müzakirə olunacaq.
Yerevanda Kilyunen və Oberin Ermənistan hakimiyyəti, parlament komitələri, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin nümayəndələri, Parlamentdə siyasi fraksiyaların rəhbərləri ilə yüksək səviyyəli görüşləri olacaq.
Həmməruzəçilərin məhkəmə sistemi, müstəqil inzibati institutlar, diplomatik ictimaiyyət və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşləri nəzərdə tutulur.